Böyük qürur hissi ilə bildiririk ki, ICOM (Beynəlxalq Muzeylər Şurası)-nın Prezidenti Antonio Rodrigesin qərarı ilə ICOM Azərbaycan Milli Komitəsinin katibi Günay Səfərova ICOM Milli Komitələr İşçi Qrupunun (National Committees Working Group (NCWG) Co-Chair) həmsədr vəzifəsinə təyin olunub.
Bu təyinat yalnız şəxsi peşəkar uğur deyil, həm də ICOM Azərbaycan Milli Komitəsinin beynəlxalq səviyyədə təmsilçiliyi baxımından mühüm etimad və məsuliyyətdir.
ICOM Azərbaycan Milli Komitəsi özünün zəngin tarixini 1992-ci ildən başlayır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həmin il muzey işçilərinin qurultayında təsis edilən Milli Komitə 1993-cü il 8 iyun tarixində ICOM İdarə Heyətinin 78-ci iclasında rəsmi olaraq təsdiq edilmişdir.
Bu gün ICOM Azərbaycan Milli Komitəsi Azərbaycan muzey ictimaiyyətini beynəlxalq muzey şəbəkəsi ilə əlaqələndirən, peşəkar əməkdaşlığı, təcrübə mübadiləsini və Azərbaycan muzeylərinin beynəlxalq platformalarda təmsilçiliyini dəstəkləyən mühüm institusional platformadır. ICOM-un öz məlumatına görə, Milli Komitələr üzvlərin maraqlarını təmsil edir və ICOM proqramlarının həyata keçirilməsinə töhfə verir.
Bu vəzifənin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, artıq ICOM Azərbaycan Milli Komitəsinin təmsilçisi kimi deyil, ICOM-un qlobal Milli Komitələr şəbəkəsinin işinə rəhbərlik edən həmsədrlərdən biri kimi fəaliyyət göstərəcək.
Məqsəd müxtəlif ölkələrin Milli Komitələri arasında əməkdaşlığın gücləndirilməsinə, onların səsinin ICOM-un qərarqəbuletmə və inkişaf proseslərində daha effektiv şəkildə eşidilməsinə, təcrübə və bilik mübadiləsinin genişləndirilməsinə və Milli Komitələrin fəaliyyətinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.
Hörmətlə, Əsmər Babayeva
ICOM Azərbaycan Milli Komitəsinin sədri

